9 Aralık 2016 Cuma

YENƏ O BAĞ OLAYDI...

Əziz nənəmin işıqlı xatirəsinə
ithaf edirəm...



XX əsr Azərbaycan poeziyasının zirvəsində yer tutan qüdrətli sənətkarlarımızdan biri də Mikayıl Müşfiqdir. Öz sənəti və şəxsiyyəti ilə xalqımızın qəlbində məskən salan Müşfiq dillər əzbəri olan neçə-neçə şeirlərin müəllifidir. O, öz qısa, lakin şərəfli həyatı boyu xalqımıza gözəl poeziya nümunələri bəxş etmişdir. 
Mən onun “Yenə o bağ olaydı” adlı möhtəşəm əsərindən bəhs etmək istərdim. Lirik notlar üzərində qurulan bu əsərdə şair ötən günlərin həsrət dolu xatirələrindən söz açır. 
“Yenə o bağ olaydı...” deyən şair ötən günlərinin acılı-şirinli anlarını yad edir. Ümumiyyətlə, Müşfiq poeziyasında nostalji hisslər, keçən günlərin həsrəti duyulur ki, bu da çox təbiidir. Xalqının azadlığını, müstəqilliyini düşünən Müşfiq və onun kimi bir çox sənət dostları üçün yaşadıqları sovet rejimini qəbul etmək və dövlət müstəqilliyini itirmək çox çətin idi. Sözsüz ki, o dövrün əsl ziyalıları üçün bu, əsl faciə idi.
Şeirdə həsrət motivlərinin üstünlük təşkil etməsinə baxmayaraq, nikbin fikirlər də yer almışdır. Xüsusilə də, təbiət təsvirləri əsərə ayrı bir rəng verir. Şair tez-tez insan və təbiət gözəlliklərini qarşılaşdırır və gözəl poetik nümunələr yaradır. “İlhamımın yelkəni, zərrin saçın olaydı” deyərək ilham mənbəyinin dalğalar kimi qıvrılan saçlar olduğuna işarə edir. Şair daha sonra dalğaları “kişnəyən bəyaz yallı at”a, bu kişnəyən atı isə həyata bənzədir.
“Yenə o bağ olaydı sevdalar ölkəsində” deyən şair xəyalının sevda dənizində üzməyini arzulayır. Kim bilir, “sevdalar ölkəsi”, “azadlıq ölkəsi” kəlmələrini şair hansı nisgillə dilə gətirmişdir.
Şair “Vay o qəlbə ki, boşdur!”, “Nə gözəldir səhərlər bizim böyük ruhumuz” deyərək hər vaxt ruhdan düşməməyi tövsiyə edir.
Vaxtilə gəzib-dolaşdığı yerləri tərənnüm edən şair oxucularını sanki nağıllar aləminə aparır. Elə bir aləmə ki, orada hər şey gözəldir, füsunkardır, orada “sular dil-dil ötür”, “ulduzlar lalə kimi”dir, işıqlar şeh kimi ətrafa çilənir, qumlar incidəndir və nəhayət, bu aləmin ən gözəl varlığına şair üz tutaraq “Sən gözəlsən, ay gözəl?” deyir.
Şeir sanki iki zamanı əhatə edir. Keçmişə səyahət edən şair ara-sıra bu günə qayıdaraq duyğularını paylaşıb yenə keçmişi tərənnüm edir.
Şeirin əsl qayəsi də, məncə, elə budur: keçmişə məhəbbət, rəğbət, lakin eyni zamanda yalnız keçmişlə yaşamamaq, gələcəyə inam, ümid! Ruhdan əsla düşməmək!
Şeir o qədər dərindir ki, oxuduqca hər dəfə yeni bir fikirlə qarşılaşırsan, “Görəsən bu sözü ilə şair nə demək istəyib?” deyirsən. Yazımın axırında ustad şairimizin ruhu qarşısında baş əyərək, onun öz sözü ilə soruşmaq istəyərdim ki, hörmətlə qələmə aldığım bu kiçik yazım “Söylə ürəyincəmi?” 

Hiç yorum yok:

Yorum Gönder