20 Nisan 2013 Cumartesi

DİNO BUSSATİ."TATAR ÇÖLÜ"

                         DİNO BUSSATİ.TATAR ÇÖLÜ
   Tatar çölü...İlk öncə bu romanın bu günə qədər oxuduqlarımın içərisində ən yaxşı roman olduğunu söyləməyi zəruri bildim.Bəli,oxuduqlarımın içərisində ən yaxşı və ən təsirli roman.Kitabın ilk səhifələrini oxuduğum zaman təsvirin çox olmasına görə narazı idim.Sonradan,sanki hər şey dəyişdi və əsərdə
canlanma yarandı.

   Ədib bu əsəri ilə nümayiş etdirdi ki,o,insanı tədqiq etməkdə mahirdir.
   Əsərin qəhrəmanında bir çox müsbət xasiyyətlər cəmlənmişdir.Şöhrətpərəstlik,inamlılıq,xüsusilə də ləyaqətlilik.Droqo(qəhrəman) zabit ləyaqətinə görə bütün ömrünü bir qalada çürütdü.Hətta Droqo ölüm anında belə öz ləyaqətini itirmir.O,ölümün yaxınlaşdığını hiss edir və qərara gəlir ki,ölümün üzünə belə ləyaqətlə baxsın.Sonuna yaxın həyəcanlanır ki,birdən ləyaqətini itirib həyatın sərt üzünə-ölümə qorxaq şəkildə baxar.Zabitin ən qorxduğu şey qüruru sayəsində baş tutmadı.
   "Otağın qapısı cırıldayaraq açılır;bəlkə də külək,ya da belə narahat yaz gecələrində evdə meydan oxuyan yelçəkən açmışdı.Bəlkə O səssiz addımlarla içəri girmişdi və indi də Droqonun kreslosuna yaxınlaşırdı?Covanni sonuncu gücünü toplayaraq kresloda qəddini
"Tatar çölü" filmində Droqo
düzəltdi.,mundirinin boyunluğunu hamarladı,bir daha pəncərədən çölə baxdı,ulduzlu səmadakı axırıncı öz parçasına ani olaraq baxdı;qaranlıqda onu heç kim görməsə də,gülümsəyirdi."

   Yazıçı bununla demək istəyir ki,həyatın amansızlığına qarşı biz də öz inadcıl üzümüzü göstərməliyik və insanın həyatın qəddarlığı qarşısında
boyun əyməsinə izn verməməliyik.Həmçinin əsərdən belə bir nəticəyə gəlmək olar ki,insanlar yalnız görünüşcə bir-birləri ilə bağlıdırlar,amma əslində daxilən yalqızdırlar və onlar həyatla tək mübarizə aparırlar.Dino Bussati demək olar ki,bu əsərində bütün həyati məsələlərə toxunmuş və onların həlli üçün əlindən gələni əsigəməmiş,bəlkə də həll etmişdir.Bu əsərdə hər şey görmək mümkündür:həyatın rəhmsizliyini,dostun vəfasızlığını,əzəmətli insan böyüklüyünü və s.
   Droqonu qalada saxlayan digər səbəb isə onun ümid etməsi idi.O ümid edirdi ki,bir gün müharibə olacaq.Buna
görə neçə illərini qurban vermişdi.Müharibə başlayan zaman isə o haqsızlıqla rastlaşır,qaladan qovulur.
   Həyatın haqsızlığına düçar olan Droqo ölüm ayağında belə hərbçilik qürurunu itirmir və zabitlərə məxsus məğrurluqla həyatı acınacaqlı şəkildə tərk edir.
   Əsərdə həmçinin bir sıra məqamlar var idi ki,onlar mənim xoşuma gəldi.
   Bunlardan biri hadisələrin bir-biri ilə uyğunlaşması idi.Sonda qəhrəmanın ümidinin həyata keçməsinə az qalmış qaladan qovulması və ölüm ayağındakı düşüncələri əsərin təsir qüvvəsini möhkəmləndirir.
   Bundan əlavə,bu əsərdə etiraz xarakterli heç bir fikir
görmək mümkün deyil."Tatar çölü"ndə ədib sadəcə insan düşüncəsi və hisslərini,o cümlədən həyatın acımasızlığını xüsusi ustalıqla dilə gətirir.Yəni bu əsərdə A.Kamyu,J.P.Sartr və s.yazıçıların əsərləri kimi Allaha olan inamsızlığı görmək mümkün deyil.
   Droqo qalada olduğu zaman şəhər həyatını xoşbəxt bir həyat kimi təsəvvür edir.Hamı ona şəhərə qayıtmağın öz gələcəyi üçün əhəmiyyətli olduğunu söyləyir.Lakin o,hərbçilik qüruruna bunu sığışdırmır.Sonradan Droqo məzuniyyət sayəsində şəhərə qayıdır.Lakin bütün insanların onu unutduğunu görür.Hətta anasının belə onunla soyuq davranmasına çox mütəəsir olur.
   "Droqo sobanın çərçivəsinə baxdı-Qaladakı da eynilə belə idi.Bu oxşarlıq onu bir qədər sakitləşdirdi,sanki o əmin oldu ki,mahiyyət etibarilə ya şəhər,ya da qala,həmin və eyni həyat tərzi ilə,həmin və eyni dünyadır."
   Droqo anlayır ki,o bəşəriyyətdə hamı kimi adi bir insandır.Və bu insanın istər qalada,istərsə də şəhərdə yaşamağının heç bir fərqi yoxdur.
   Sevdiyim daha bir yazıçını-Çingiz Aytmatovu Dino

Bussati ilə birləşdirən ortaq cəhət onların hər ikisinin


əsərinin(konkret olaraq "Dəniz kənarıyla qaçan Alabaş" "Tatar çölü") mövzusunun "insan" olmasıdır.Hər iki yazıçı əsərlərini insan üzərində qurur,insanın əlçatmaz bir varlıq olduğunu göstərirlər.Lakin fərq ondan ibarətdir ki,Çingiz Aytmatov öz əsərində qəhrəmanlarını çətin vəziyyətə salır və onları sınayır.Onlar isə həyatla mübarizədə təslim olmur və qalib çıxırlar.Belə baxanda həyatla mübarizə və bu mübarizədə insanın qalib ayrılması həmin iki əsərin daha bir oxşar cəhətidir.Ç.Aytmatov hadisələri təsvir edir,qəhrəmanların çətin vəziyyətdəki reaksiyalarını üzə çıxarır.Lakin ədib qəhrəmanın hisslərini çox ifadə etmir.Hadisələrin təsvirinə üstünlük verir və beləliklə əsərdəki mənanın oxucu tərəfindən başa düşülməsinə imkan yaradır.
   Bu şedevr əsərdə də bir sıra qeydlər etmişəm.Lakin əsəri başa düşmək üçün
əsəri sadəcə və sadəcə olaraq oxumaq lazımdır.
   İndi isə həmin qeydləri sizinlə paylaşıram. 
   
   
              


   Qalanın divarları isə köhnədir,toplar köhnədir,burda nə varsa,hamısı köhnəlib,yalnız əsgərlərin ürəkləri cavandır.
                                    ***

   Özün tək olanda və öz fikirlərini kiminləsə bölüşə bilməyəndə nəyəsə inanmaq çox çətindir.Məhz bu anlarda o başa düşdü ki,insanlar münasibətcə bir-birlərinə nə qədər yaxın olsalar da,həqiqətdə həmişə bir-birlərinə yaddırlar.Əgər insanın canı ağrıyırsa,ağrı yalnız onun ağrısı olaraq qalır,başqa heç kim hətta o ağrının cüzi bir hissəsini belə öz üzərinə götürə bilməz.Əgər insan əzab çəkirsə,başqaları-onları əsl məhəbbət birləşdirmiş olsa da belə-bu ağrını hiss eləməz.Bundan da həyatda təklik yaranır.
                                    ***
   Bəli,indiki Droqo fiziki cəhətdən əvvəli Droqodan geri qalmır və istəsə at oynatmaq,ya pilləkənləri iki pillə birdən qalxmaq onda çox gözəl alınar.Amma əsas bu deyildi,əsas oydu ki,artıq bunlar onu özünə cəzb eləmirdi.O,nahardan sonra daşlı meydanla atı irəli-geri qovmaqdansa,günəşin altında mürgüləməyə üstünlük verirdi.

Hiç yorum yok:

Yorum Gönder