13 Nisan 2013 Cumartesi

                                 MƏNİM UŞAQLIQ XATİRƏM
   Bu həftə Qanun nəşrlər evinin facebookdakı səhifəsində "Mənim uşaqlıq xatirəm" adlı müsabiqə keçirilirdi.Müsabiqədə iştirak etmək üçün uşaqlıq vaxtı başına gələn bir hadisə ilə bağlı kiçik esse yazmalı idin.Mən də bu müsabiqədə iştirak etdim və bu gün üç qalib elan edildi.Bunlardan biri ən çox "like" olunduğuna görə,digər ikisi isə Qanun komandasının seçiminə görə qalib oldular.Bu iki qalibdən biri mən idim.

Buna görə Qanun nəşriyyatının komandasına təşəkkürümü bildirirəm.Qaliblərə Jan-Pol Sartrın "Sözlər" kitabını hədiyyə edəcəklərini söylədilər.
   İndi isə həmin esseni sizlərə təqdim edirəm
Həyatımda bir sıra maraqlı və qeyri-adi hadisələr baş verib.Əlbəttə ki,mən bunlardan birini danışmalıyam.Müsabiqə nəşriyyatın səhifəsində keçirildiyindən yazacağım hadisənin kitabla bağlı olmasını daha məqbul bildim.

   Danışacağım hadisə,səhv etmirəmsə,üçüncü sinifdə baş vermişdir.O zamanlar A.K.Doylun,A.Belyayevin,C.F.Kuperin əsərlərini oxuyurdum.Sonradan isə bu kitabların ixtisar formasında olduğunu öyrəndim.Bir gün ağlıma bir fikir gəldi.Fikrim ondan ibarət idi ki,kitabxanaya üzv olum və beləliklə bütöv əsərlər oxuyum.Fikrimi valideynlərimə dedikdə onlar birinci tərəddüd etdilər.Kitabları özlərinin alacaqlarını söylədilər.Gözümün önündə xeyli kitablardan ibarət bir yeri təsəvvür etdikdə fikrimin baş tutması üçün israr etdim.Valideynlərimi gec də olsa razı sala bildim.
   İnana bilmirdim.Sabah kitabxanaya gedəcəkdim...
   Gecə yatarkən necə sevincli olduğumu təsəvvür edə bilmirəm.Əlbəttə ki,bu zaman səhəri səbirsizliklə gözlədiyimi də sizə təsvir edə bilməyəcəyəm.
   Səhərin az bir zaman ərzində açılması üçün dərhal yuxuya getmək istədim.Amma heç cür yata bilmədim.Daim kitabxanaya gedəcəyim haqda fikirləşirdim.Birtəhər yatandan sonra yuxumda H.Uellsin,C.Sviftin,J.Vernin kitabları gözümün önündə canlandı.Yuxudan hövlnak ayıldım və ətrafıma baxdım.Yenidən yuxuya getmək barədə düşündüm.Beləliklə gecəni əzab-əziyyətlə yola verdim.
   Səhər məktəbə yollandım.Dərslərim qurtarandan sonra kitabxanaya getdim və kitabxanaya üzv olmaq istədiyimi dedim.Onlar üzv olmaq üçün kağızda özün haqqında məlumat lazım olduğunu deyib sabaha gəlməyimi məsləhət gördülər.Axı mən keçən gecəyə bənzəyən daha bir gecə yaşamaq istəmirdim!
   Valideynlərim məni aşağıda gözləyirdilər.Əsəbi şəkildə kitabxanadan çıxıb olub-bitənlərin hamısını onlara danışdım.Onlar kitabların özlərinin alacaqlarını vəd etdilər.Amma mən təkid etdim.Anamla birlikdə yenidən kitabxanaya qayıtdım.Kitabxanaçı pis olduğumu(ağladığımı) görüb kitabları necə sevdiyimə çox təəccübləndi.O gülümsündü və kağızsız-filansız kitab götürməyimə icazə verdi.Və mən kitabxanadan ilk kitabı-Mark Tvenin seçilmiş əsərlərini götürdüm.
   Hal-hazırda da həmin kitabxanaçı məni gördükdə əzizləyir vəmənə qayğı ilə yanaşır.
   O gündən,daha doğrusu,o gecədən mən əmin oldum ki,mənim kitablara olan sevgim hədsiz olacaq.

     

Hiç yorum yok:

Yorum Gönder