29 Haziran 2013 Cumartesi

    LEV TOLSTOY."İVAN İLİÇİN ÖLÜMÜ"
   Dahi rus yazıçısı olan Lev Tolstoyun bədii yaradıcılığı
ilə ilk tanışlığım onun "İvan İliçin ölümü" adlı əsəri ilə oldu.Kitabı kitabxanama yeni əlavə etmişdim.Hələ ki oxumaq fikrim yox idi.Amma yazarın kimliyi və əsərin qəribə ada malik olması kitabı oxumağıma səbəb oldu.Əsəri bir neçə günə bitirdim.
   Lev Tolstoyun bu əsəri İvan İliçin taleyindən bəhs edir.Özündən razı olan İvan İliç məhkəmə müstəntiqi işləyir.İllər keçdikcə rütbəsi artır.Ailəsi ilə birlikdə xoşbəxt həyat sürür.Bir gün bədənində ağrılar hiss edir.Günü-gündən ağrıları şiddətlənir.Heç bir həkim bunun dəqiq izahını verə bilmir.İvan İliç anlayır ki,pis bir xəstəliyə tutulub.O zamandan etibarən yaşadığı firavan həyat alt-üst olur.
   Həyatdan hər bir zaman həzz alan,həmişə xoşbəxt ola bilən İvan İliçə bu xəstəlik pis təsir göstərir,tezliklə pessimizmə qapılır.Dahi yazarın İvan İliçi həyatdan ləzzət alan bir qəhrəman kimi göstərməsi onun yaradıcılıq gücünü göstərir.Təbii ki,belə insanların həyatının dəyişməsi onlar üçün daha gözlənilməz olur.
   Lev Tolstoy öz qəhrəmanını ölüm ayağında daim suallarla dolu fikir və düşüncələrini xırdalayan və həmin suallara cavab tapmağa çalışan bir obraz kimi qələmə almışdır.
   İvan İliç ölüm ayağında həyatın acımasızlığı ilə yanaşı,insanların saxtakarlığını da görür.O başa düşür ki,heç kim onu düşünmür.Hər kəs öz mənafeyini fikirləşir.Yaxınları tərəfindən belə o,bir neçə dəqiqəliyinə düşünülür,sonra isə digər düşüncələr onu ört-basdır edir.
   İvan İliç daim hamı tərəfindən aldanıldığına əsəbiləşir.Ona baş çəkən həkimlər "sağalacaqsan" deyib inandırmağa çalışırlar.O isə bunun yalan olduğunu gözəl başa düşür.
   Heç bir yaxınının ona ürəklə kömək etmədiyi halda qulluqçusu Gerasim ona sadiq qalır,hər bir əziyyətini çəkir.Yazıçı bununla demək istəyir ki,insanları bir-birinə bağlayan yaxınlıq və s.deyil,onları bağlayan insanlıqdır.Təkcə Gerasim ona yalan söyləmir.
   "Bir dəfə İvan İliç onu yatmağa göndərmək istəyəndə Gerasim açıqca dedi:
   -Hamımız öləcəyik.Zəhmət çəkəndə nolar?-dedi və bununla bildirmək istədi ki,zəhmət çəkməkdən ərinmir,çünki bu əziyyəti ölüm ayağında olan adam üçün çəkir və ümid edir ki,vaxtı gələndə onun üçün də zəhmət çəkən tapılacaq."
   İvan İliçə bədənindəki ağrılardan çox,həyatın necə mənasız olması əzab verir.O,evdə artıqlığını hiss edir və tez bir zamanda ölmək istəyir.Yaxınları otağına girərkən belə "qoyun rahat ölüm" deyib onları qovur.Əsərin qəhrəmanı ölümünün son saniyələrində anlayır ki,əslində ölüm həyatdan köçməkdən qorxumuzdur.Əsl ölüm bizim anladığımız ölüm deyil.
   
   Əsərin elektron versiyaları:
  www2.hn.psu.edu/faculty/jmanis/tolstoy/ivanilyc.pdf  -  ingilis dilində
http://fictionbook.ru/author/tolstoyi_lev/smert_ivana_ilicha/download.a6.pdf  -  rus dilində
 m.friendfeed-media.com/52843438f08d0b6d0cc7411481de1930f86f501f  -  türk dilində

   Aşağıda isə əsərdən seçdiyim qeydləri oxuya bilərsiniz.

   Bu saat veclərinə deyil,amma onlar da mənim kimi öləcəklər.Gicbəsərlər.Mən qabağa düşmüşəm,amma növbə onlara da çatacaq.Qanmaz heyvanlar!

                                          ***
   Əvvəllər onu ölüm haqda fikirləşməyə qoymayan,buna imkan verməyən düşüncə tərzinə qayıtmağa çalışırdı.Amma qəribəydi,əvvəllər ölüm fikrinin qabağını alan,onu gizlədən,məhv eləyən nə vardırsa,heç biri indi o cür təsir eləyə bilmirdi.

                                         ***

   Xəstələndiyinin üçüncü ayında necə oldusa ,nəzərə çarpmadan,addım-addım,yavaş-yavaş iş gəlib o yerə çatdı ki,arvadı da,qızı da,oğlu da,nökər-naib də,tanışları da,həkimlər də,başlıcası isə özü də artıq başa düşdülər ki,hamı onunla yalnız bir şeyə görə maraqlanır:öz yerini nə vaxt boşaldır,camaata verdiyi bu əziyyət haçan başa çatacaq və öz canı işgəncədən nə vaxt qurtaracaq.

1 yorum:

  1. Cox sagolun,klassilkeri oxumagi cox sevirem...Qeydlerinizi oxudum,eseri de mutleq oxuyacagam...Teshekkurler:)

    YanıtlaSil